Türkiyənin Diyarbakır şəhərində keçirilən I Avrasiya Pediatriya Zirvəsi və V Şərqi Pediatriya Konqresində Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti də iştirak edib. ATU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dicle Universitetinin Konqres Mərkəzində keçirilən tədbirdə 9 ölkədən ümumilikdə 2 min 56 iştirakçı bir araya gəlib. Tədbirdə Amerika Birləşmiş Ştatları, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Kipr, İraq və digər ölkələrdən pediatriya sahəsində tanınmış mütəxəssislər çıxış ediblər.
ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli “Peyvəndlər, nevroloji fəsadlar” mövzusunda elmi məruzə ilə çıxış edərək, peyvəndlərin sinir sistemi üzərində təsirlərinə dair aktual elmi məlumatları iştirakçılarla bölüşüb. Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova isə “Peyvəndlə uşaq sağlamlığında körpülər qurmaq” mövzusunda keçirilən panel müzakirəsinə həmsədr olaraq qatılıb.
Konqresin açılış mərasimində çıxış edən Şərqi Pediatriya Dərnəyinin sədri, professor Velat Şen müasir dünyada uşaqların üzləşdikləri təhlükələrə diqqət çəkərək, “Artıq ayağa qalxmağın, insanlığın ən müqəddəs əmanəti olan uşaqlara sahib çıxmağın zamanıdır” fikrini vurğulayıb və beynəlxalq ictimaiyyəti uşaqlara qarşı zorakılığa son qoymağa çağırıb.
Tədbirin sonunda ATU-nun əməkdaşlarına konqresdəki elmi töhfələrinə və beynəlxalq əməkdaşlığa verdikləri dəstəyə görə Dicle Universitetinin Tibb fakültəsi və Şərqi Pediatriya Dərnəyi tərəfindən təşəkkür sertifikatları təqdim olunub.
Bundan əlavə, tədbirin təşkilindəki roluna görə Sağlıq Bilimləri Universitetinin Özbəkistan nümayəndəsi və Buxara İbn Sina Tibb fakültəsinin dekan vəkili dosent Aynur Feyzioğluna təşəkkür plaketi təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə