Doğuş zamanı hansı hallarda təbii doğuş və keysəriyyə seçilir? - HƏKİM DANIŞDI

“Təbii doğuş normal fizioloji prosesdir və əsasən müəyyən şərtlər mövcud olduqda seçilir. Belə ki, hamiləlik normal gedişlidirsə – dölün böyüməsi, inkişafı və yerləşməsi düzgündürsə, dölün baş gəlişi – yəni uşağın başı aşağı vəziyyətdədirsə, ana sağlamdır – ciddi ürək, ağciyər, qaraciyər, göz və ya digər xəstəliklər yoxdursa, əvvəlki doğuş normal olub və uşaqlıqda çapıq və ya digər ciddi maneə yoxdursa bu zaman təbii doğuş üçün heç bir problem görünmür”. Bu sözləri SİA-ya açıqlamasında ginekoloq Ləman Əliyeva deyib.

O bildirib ki, eyni zamanda dölün çəkisi uyğun aralıqda olduqda və (adətən 2500–4000 qram) doğuş yollarında anatomik maneə olmadıqda (çanaq sümüklərinin dar olması və s. müşahidə edilmir) da təbii doğuş üçün heç bir maneə görülmür: “Qeysəriyyə isə təcili və ya planlı şəkildə aparıla bilər. Planlı qeysəriyyə üçün göstərişlərə çanaq darlığı və ya dölün başı ilə çanağın ölçülərinin uyğun gəlməməsi, uşaqlıqda çapıq – əvvəlki keysəriyyə əməliyyatı, miomektomiya və s. dölün yanlış gəlişi – eninə, çarpaz və ya iri dölün oturaq gəlişi, çoxdöllü hamiləliklər – xüsusilə ilk döl oturaq gəlişindədirsə, placenta previa – ciftin uşaqlıq boynunu tam və ya qismən örtməsi, ana və ya döl üçün həyati riskli xəstəliklər (ağır ürək xəstəliyi, yüksək dərəcəli miopiya, bəzi nevroloji problemlər) aiddir.

Təcili göstərişlər isə doğuş zamanı dölün kəskin hipoksiyası (ürək döyüntülərinin pozulması), doğuş fəaliyyətinin zəifliyi və irəliləyişin olmaması, göbək ciyəsinin prolapsı (uşağın qarşısına düşməsi), uşaqlıq cırılması təhlükəsi, şiddətli qanaxma (məsələn, ciftin vaxtından əvvəl qopması) zamanı olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə