Aktiv həyat tərzi niyə bəzən ölümcül təhlükəyə çevrilir? - KARDİOLOQ AÇIQLADI

Son dövrlərdə idman zallarında baş verən qəfil ürək ölümləri, xüsusilə də gənc yaşda olan insanların məşq zamanı həyatını itirməsi, cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu hadisələr sadəcə şəxsi faciə olmaqla kifayətlənmir, həm də daha geniş miqyasda suallar doğurur: Niyə sağlam qalmaq üçün seçdiyimiz aktiv həyat tərzi bəzən ölümcül nəticələrə gətirib çıxarır?

Məsələ ilə bağlı kardioloq Aytən Yüzbaşıyeva SİA-ya açıqlamasında bildirib ki, ürəyində ciddi problemi olan şəxslərə intensiv və nəzarətsiz şəkildə aparılan fiziki fəaliyyət, xüsusilə də ağır idman növləri tövsiyə olunmur:

"Bu kateqoriyaya aşağıdakılar daxildir: kontrolsuz arterial hipertenziya (yüksək qan təzyiqi), ürək ritm pozğunluqları (aritmiyalar), xroniki ürək çatışmazlığı, eləcə də yaxın keçmişdə baş vermiş miokard infarktı və ya insult kimi həyati təhlükə yaradan hallar. Belə vəziyyətlərdə orqanizm fiziki yüklənməyə qarşı yetərincə dayanıqlı olmaya bilər və nəticədə idman fəaliyyəti sağlamlığı möhkəmləndirmək əvəzinə, əksinə, həyati təhlükə yarada bilər.

Bu səbəbdən fiziki aktivliyə başlamazdan əvvəl, xüsusilə də müəyyən yaş həddini keçmiş və ya ürək-damar sistemi ilə bağlı şikayətləri olan şəxslər üçün ilkin tibbi müayinədən keçmək mütləqdir. Həkim tərəfindən aparılan ümumi və kardioloji müayinə, bəzən isə əlavə testlər (EKQ, exo-kardioqrafiya, stress test və s.) insanın sağlamlıq vəziyyətini daha dəqiq müəyyənləşdirməyə və uyğun fiziki yüklənmə proqramının seçilməsinə imkan verir. Bu, yalnız fərdi risklərin azaldılması üçün deyil, eyni zamanda daha effektiv və təhlükəsiz idman rejiminin təyin olunması üçün də önəmlidir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə