Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə kompüter tomoqrafiyası xidməti fəaliyyətə başlayıb - FOTOLAR

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə kompüter tomoqrafiyası (KT) xidməti istifadəyə verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, yeni quraşdırılan KT cihazı 16 kəsimli olmaqla yanaşı, kontrastlı və nativ çəkiliş, eləcə də 3D görüntüləmə, yüksək ayırdetmə və aşağı dozalı skanetmə funksionallıqlarına malikdir.

Uzun illərdir bu xidməti almaq üçün digər şəhər və rayonlara yönləndirilən rayon sakinləri bundan sonra birbaşa Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında müasir kompüter tomoqrafiyası xidmətindən yararlanacaq.

Xidmət ödənişsizdir, icbari tibbi sığorta çərçivəsində qarşılanır.

Avadanlıqlarla tanışıq zamanı bildirilib ki, TƏBİB ölkəmizdə müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində tədbirləri davam etdirir. Son dövrlər bu sahədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində də bir sıra işlər həyata keçirilib. Xüsusilə bölgə xəstəxanalarının yeni avadanlıqlarla təmin olunması və regionlarda mövcud olan tibbi texniki çatışmazlıqların aradan qaldırılması məqsədilə tədbirlər görülür.

Kompüter tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir.

Adi rentgen müayinəsindən fərqli olaraq, kompüter tomoqrafiyası bir sıra toxumaların, həmçinin ağciyərin, sümüklərin və qan damarlarının təfərrüatlı görüntüsünü verir, görüntüləməni real zaman rejimində təmin edir. Kompüter tomoqrafiyasının köməyi ilə təyin olunmuş diaqnoz diaqnostik cərrahi müdaxiləyə və yaxud biopsiyaya ehtiyacı aradan qaldıra bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə