Lancjou Universitetinin (Çin) alimləri yak südünün beyin zədəsi də daxil olmaqla, xroniki spirt istehlakının təsirlərini azalda biləcəyini aşkar ediblər.
SİA-nın məlumatına görə, siçan üzərində aparılan təcrübənin nəticələri Food & Function jurnalında dərc olunub.
Araşdırma nəticəsində məlum olub ki, yak südü orqanizmdə narahatlıq və iltihabı azaldır, sinir hüceyrələrini oksidləşdirici stressdən qoruyur. Ən böyük təsir məhsulun daha yüksək dozaları verilən heyvanlarda müşahidə edilmişdir.
Əlavə təcrübələr göstərib ki, yak südü təkcə beyinə deyil, həm də bağırsaqlara təsir göstərir. Mikrobiotanın tərkibini dəyişdirir, iltihab və depressiya ilə əlaqəli bakteriyaların sayını azaldır. Eyni zamanda, orqanizm sinir sisteminə qoruyucu təsir göstərən bioloji aktiv maddələrin səviyyəsini artırır.
Beyində iltihabi proseslərdə əsas rol oynayan TLR4 və NF-κB zülallarının aktivliyinin azalması da qeydə alınıb. Tədqiqatçıların fikrincə, yak südünün təsiri onun bağırsaq-beyin oxuna təsiri ilə bağlı ola bilər.
Bu tapıntılar heyvanlar üzərində aparılan təcrübələrə əsaslansa da, bu məhsulun xüsusiyyətlərini və onun insanların psixi və nevroloji sağlamlığa təsirini öyrənmək üçün yeni imkanlar açır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə