Həddindən artıq xəmir yeməyinin qəbulu orqanizmdə nələrə səbəb olur? - EKSPERT AÇIQLADI
"Payız və qış mövsümündə orqanizm daha çox enerji tələb edir. Təbii olaraq bədənimizi isitmək və tox qalmaq üçün daha kalorili qidaları seçirik. Xüsusilə də xəmir yeməkləri olan xəngəl, plovun yanında lavaş, xəmirdən hazırlanan şirniyyatlar daha çox seçim edilir. Bu qidalar həm tez doyurucu, həm də isti halda ləzzətli olur. Ancaq bu qidaların faydası ilə yanaşı, çox istehlakı mənfi təsirlər yarada bilər". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Asim Vəliyev deyib.
Onun sözlərinə görə, xəmir yeməkləri əsasən un və sudan hazırlanır:
"Ağ un isə yüksək qlisemik indeksə malikdir. Bu, qanda şəkərin sürətlə qalxmasına, insulinin çox ifrazına səbəb olur. Davamlı olaraq belə yemək yedikdə, yağların bədəndə daha çox toplanmasına, qarın və bel nahiyəsində piylənməyə, metabolizmin yavaşlamasına gətirib çıxarır. Nəticədə isə piylənmə və onun fəsadlarını artırır.
Çoxlu xəmir yeməyi qəbulu, xüsusən də şirniyyatlar və ağ undan olan məhsullar qanda qlükozanı sürətlə yüksəldir, sonra isə kəskin eniş yaradır. Bu hal yorğunluq, yuxululuq, əsəbilik, tez-tez acma hissi, insulin müqavimətinin yaranması kimi problemlərə səbəb olur. Ağ undan hazırlanmış xəmir məhsulları lif baxımından zəifdir. Lif az olduqda qəbizlik, şişkinlik, qaz, bağırsaq mikroflorasının zəifləməsi müşahidə olunur. Əgər xəmirlə yanaşı lazımi miqdarda tərəvəz, salat, yaşıl yarpaqlı məhsullar yeyilməsə, bu problemin təsiri daha da artır. Xəmir yeməkləri adətən kərə yağı, iç yağ və ya çoxlu ət suyu ilə birlikdə təqdim olunur. Yəni karbohidrat ilə yağ birlikdə çox yüksək kalorili bir qarışıq yaradır. Xəmirdə əsasən karbohidrat olur. Vitaminlər, minerallar, ağ undan hazırlanarkən xeyli azalır. Yəni əsas qida rasionu xəmirdən ibarət olarsa, orqanizm lazımi mikroelementləri kənardan ala bilmir. Həmişə tamamilə imtina etməkdənsə, balansı qorumaq vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə