Yatmamışdan əvvəl yeyilən bəzi qidalar yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər, həmçinin həzm sistemini yükləyərək orqanizmin normal gecə rejimini poza bilər. Bəs, bunlar hansı qidalardır?
Məsələ ilə bağlı qida eksperti Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, yuxu keyfiyyəti insan sağlamlığının və gündəlik fəaliyyətinin əsas göstəricilərindən biridir:
“Gecə yatmazdan əvvəl qəbul edilən bəzi qidalar yalnız yuxunun dərinliyini və davamlılığını poza bilər, həm də həzm sistemini yükləyərək orqanizmin gecə rejimini və bərpa prosesini ləngidə bilər. Əsasən turş meyvə və tərəvəzlərə aiddir. Portağal, qreypfrut, pomidor kimi turşuluq səviyyəsi yüksək olan qidalar mədə turşuluğunu artıraraq reflüks və yanma hissi yarada bilər. Bu hal yuxuya getməni çətinləşdirir və gecə boyunca narahatlığa səbəb ola bilər. Qızardılmış kartof, "fast-food" məhsulları və yağlı ət yeməkləri həzm prosesini ləngidir. Mədədə ağırlıq hissi yarandığı üçün orqanizm rahatlanmaqda çətinlik çəkir və yuxu fazaları pozula bilər. Həmçinin qəhvə, kola, enerji içkiləri və bəzi çay növləri kofein ehtiva edir. Kofein orqanizmdə 6–8 saata qədər aktiv qala bilər və sinir sistemini stimullaşdıraraq yuxuya getməni gecikdirir.
Bundan əlavə tortlar, şokoladlar və şirin çərəzlər qan şəkərində dalğalanmalara səbəb olur. Bu dəyişikliklər yuxu siklinə mənfi təsir göstərərək tez-tez oyanmalara və yuxunun dayazlaşmasına yol aça bilər. Əgər yatmazdan əvvəl aclıq hissi yaranırsa, yüngül və faydalı qidalar seçilə bilər. Məsələn qoz-fındıq melatonin və triptofanla zəngindir, yuxunu təşviq edir. Süd məhsulları sinir sistemini sakitləşdirir. Yatmazdan əvvəl banan və kivi də yemək faydalıdır. Çünki banan və kivi serotonin istehsalını artırır, əzələləri rahatladır”.
Bütün xəbərlər Facebook səhifəmizdə