Artıq bir çox insan qışa hazırlıq görür. Kimisi mürəbbə bişirir, kimisi kompot və ya turşu hazırlayır. Bəziləri evdə hazırlanan bu cür qidaların orqanizm üçün təhlükəli olduğunu iddia edir. Bəs, həqiqətən də evdə hazırlanan bu qidalar təhlükəlidir? Mürəbbə, kompot və ya turşu hazırlayarkən hansı səhvlərə yol verilir?
Mövzu ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, evdə konservləşdirilmiş məhsul hazırlamaq istəyənlər bir sıra məqamlara diqqət etməlidirlər:
"Evdə hazırlanan konservləşdirilmiş məhsullar üçün seçilən meyvə-tərəvəz mütləq şəkildə mövsümi və yerli olmalıdır. Heç bir halda xarab və ya əzilmiş olanlardan istifadə etmək olmaz. Konservləşdirmə üçün istifadə olunan qab xüsusilə şüşə banka olmalı, təmiz şəkildə yuyularaq steril edilməlidir. Qapaqlar daxildən qalaylanmış şəkildə və təzə olmalıdır. Həmçinin, həmin tərəvəzlərdən turşu qoyularkən mütləq şəkildə onun hazırlanma prosesində iştirak edən insanın sağlamlıq durumu, əlləri gigiyenik qaydada təmiz olmalı və açıq yara olmamalıdır".
Ekspert vurğulayıb ki, evdə hazırlanan turşular sərin, qaranlıq, quru yerdə uyğun şəkildə saxlanmadıqda qapaqda şişmələr olur və həmin məhsulu qətiyyən istifadə etmək tövsiyə olunmur:
"Bəzən bu kimi məhsulların qapağını açarkən üzərində kiflənmiş möhtəviyyat olur və onu təmizləyib yenidən istifadə edirlər. Bu, birmənalı şəkildə yolverilməzdir. Əgər bankanın hər hansı bir hissəsindən məhsul kiflənibsə, bu, məhsulun tamamilə istifadəyə yararsız olduğunu göstərir. Həmin məhsulun tərkibində olan klostridium botulinum adlanan maddə var ki, bu, çox toksik təsirə malikdir, hətta ölümə qədər gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə