Dr.Aynur Səfiyeva Koreyanın Seul şəhərində keçirilən tədbirdə təqdimatla çıxış edib

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru Dr. Aynur Səfiyeva 29–31 avqust 2025-ci il tarixlərində Koreyanın Seul şəhərində keçirilən Beynəlxalq Kolorektal Tədqiqat Sammitində ölkəmizi uğurla təmsil edib. Dünyanın 36 ölkəsindən tanınmış mütəxəssislərin iştirak etdiyi nüfuzlu tədbirdə Dr. Aynur Səfiyeva “Anal çatlarda botoks müalicəsi” mövzusunda elmi məruzə ilə çıxış edib.
Onun təqdimatında anal çatların müasir müalicə üsulları, botoks tətbiqinin klinik nəticələri və pasiyentlərin həyat keyfiyyətinə təsiri ilə bağlı aparılan araşdırmalar diqqətə çatdırılıb. Konfrans çərçivəsində aparılan elmi müzakirələr zamanı Dr. Aynur Səfiyevanın məruzəsi iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb. Onun təqdim etdiyi praktiki nəticələr Avropa, Asiya və Amerika ölkələrindən gəlmiş cərrahlar arasında təcrübə mübadiləsinə geniş imkan yaradıb.
Dr. Aynur Səfiyevanın Seulda təqdim etdiyi məruzə beynəlxalq tibb ictimaiyyəti ilə əməkdaşlığın möhkəmlənməsinə də mühüm töhfə olub. Onun elmi çıxışı ölkəmizin müasir müalicə metodları sahəsində əldə etdiyi nailiyyətlərin qlobal miqyasda paylaşılmasına imkan yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə