Mərkəzi Gömrük Hospitalında yeni rezidentlərlə görüş keçirilib - FOTOLAR

Sentyabrın 2-də Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə yeni qəbul olunmuş həkim-rezidentlərlə görüş keçirilib. SİA xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d., Dr. Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, əməkdaşlar və həkim-rezidentlər iştirak ediblər.

İlk öncə Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkimi Bəxtiyar Musayev çıxış edərək Mərkəzi Gömrük Hospitalının Azərbaycan səhiyyəsində xüsusi yeri olduğunu bildirib və burada həyata keçirilən unikal əməliyyatlar barədə, Hospitalın fəaliyyəti, pandemiya dövründə kovidli xəstələrin müalicəsində Azərbaycanda ilk dəfə uğurla tətbiq olunan EKMO cihazı, Hospitalın fəaliyyəti, eləcə də xarici tərəfdaşlar olan Florence Nightingale Xəstəxanalar Qrupu, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalı və digər tibb müəssisələri ilə əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Həmçinin, Baş həkim Bəxtiyar Musayev bildirib ki, Mərkəzi Gömrük Hospitalı gənc mütəxəssislərə nəzəri biliklərlə yanaşı, ən müasir texnologiyalar üzərində praktiki təcrübə qazanmaq üçün geniş imkanlar yaradır.

Dr.Bəxtiyar Musayev çıxışının sonunda yeni rezidentləri təbrik edərək onlara böyük uğurlar arzulayıb, həmçinin təhsilləri müddətində daim öyrənməyə, elmi yenilikləri izləməyə və xəstələrin sağlamlığını hər şeydən üstün tutmağa çağırıb.

Daha sonra Dr. İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında rezidenturaya yeni qəbul olunmuş rezidentləri təbrik edib, onların yüksəkixtisaslı həkim kimi yetişməsi, elmi araşdırmaların aparılması üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Öz çıxışında Dr. İsmayıl Əfəndiyev rezidentlər üçün beynəlxalq mübadilə proqramlarda iştirak etmək imkanları, tədris proqramının faydalı yerinə yetirilməsi, eləcə də rezidentlərin öz sahələri üzrə xarici ölkələrdə və ölkədaxili konfranslarda, konqreslərdə, rotasiyalarda iştirak etmək imkanları barədə danışıb. Belə ki, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən bu konfranslar onların gələcəkdə peşəkar həkim kimi yetişməsində əhəmiyyətli rola malikdir. Tədbirin sonunda həkim-rezidentlərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə