Çiyinlərdə daşınan dərs yükü: sağlamlığa zərbə - EKSPERT FİKİRLƏRİ

“Məktəblilərimizin ən ciddi problemlərindən biri çantaların ağırlığıdır. Təəssüf ki, şagirdlərin gündəlik daşıdığı çanta çəkisi onların fiziki inkişafına mənfi təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında reabilitoloq Afaq Azad bildirib.

Onun sözlərinə görə, orta hesabla 7-12 kiloqram arası çəki daşıyan uşaqlar nə fiziki, nə də anatomik cəhətdən buna hazır deyillər: “Bu, gələcəkdə onurğa problemlərinə - skolioz, kifoz, əzələ zəifliyi və digər ortopedik fəsadlara səbəb ola bilər. Ən təhlükəlisi isə bu fəsadların artıq uşaq yaşlarında özünü göstərməsidir. Statistik müşahidələr göstərir ki, məktəblilərin 30-40 faizində onurğa əyriliyi, yəni skolioz və ya kifozun ilkin mərhələləri müşahidə olunur. Bu hallar əzələ sisteminin zəifliyi, davamlı ağırlıq və düzgün olmayan duruş nəticəsində yaranır.

Əvvəla, çanta çəkisi uşağın bədən çəkisinin maksimum 10-15 faizini aşmamalıdır. Təhsil Nazirliyi dərsliklərin məktəbdə qalmasına şərait yaratmalı, evə yalnız tapşırıq dəftərləri və yüngül materiallar aparılmalıdır. Bundan başqa, rəqəmsal resurslara keçid, elektron dərsliklər və planşetlər uşaqların yükünü azalda bilər. Məktəblərdə isə mütəmadi tibbi müayinələr keçirilməli, şagirdlərə düzgün oturuş, duruş və çantadaşıma qaydaları öyrədilməlidir. Həmçinin fiziki hərəkətlər və müalicəvi idman məşğələləri skoliozun qarşısını almaq üçün mühüm vasitədir”.

Ailə və uşaq psixoloqu Aynur İsmayılova isə məsələnin psixoloji tərəfinə diqqət çəkib: “Çantalar son 20 ildə təkcə funksional deyil, həm də müxtəlif aksesuarlarla zəngin hala gəlib. Bu isə əlavə yük yaradır və çantaları daha da ağırlaşdırır. Məktəbli bu çantaya şəxsi əşyalarını da əlavə etdikdə, yük ikiqat artır. Ağır çanta uşağın kiçik vücuduna fiziki təsirlə yanaşı, psixoloji olaraq da əlavə çətinlik gətirir. Məsələn, məktəb yolu 20-30 dəqiqə çəkirsə, uşaq dərs başlamadan yorulur və nəticədə dərsə marağı azala bilir. İbtidai sinif şagirdlərində bu, motivasiya itkisinə gətirib çıxarır. Xüsusilə oğlan uşaqları böyüdükcə çanta daşımaqdan imtina edirlər. Universitet hazırlığına gedən gənclərin də çoxu çantasız gedir. Bu, zehində artıq "çanta = əlavə yük" assosiasiyasının formalaşması ilə bağlıdır. Bu baxımdan valideynlər övladları üçün daha yüngül, funksional və ergonomik çantalar seçməli, uşağın fiziki sağlamlığını qorumaqla yanaşı, onun dərsə marağının itməsinin qarşısını almalıdırlar”.

Hər iki mütəxəssis hesab edir ki, ağır çantaların yaratdığı problem təkcə valideynlərin və ya müəllimlərin deyil, bütövlükdə cəmiyyətin üzərinə məsuliyyət qoyur. “Sağlam gələcək sağlam uşaqlarla mümkündür”, – deyə onlar bildiriblər.

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə