29 avqust 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” çərçivəsində etik dəyərlərin təşviqi və psixoloji dayanıqlığın artırılması məqsədilə “Etik davranış mədəniyyəti və stressin idarə olunması” mövzusunda maarifləndirici təlim təşkil olunub.
SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının rezidentlərinin və tibb bacılarının iştirak etdiyi təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev salamlama nitqi ilə çıxış edib. O, etik davranış qaydalarının təbliği istiqamətində mütəmadi olaraq həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib və auditoriyanı təlimdə aktiv iştirak etməyə dəvət edib.
Təlim zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin inspektoru Səmra Qasımova “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin izahı” mövzusunda və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının psixiatrı, t.ü.f.d., dosent Gülay Məmmədzadə “İnsanlarla işləyən zaman: streslə mübarizə üçün nələr edə bilərik?” mövzularında təqdimatla çıxış ediblər.
Tədbirin sonunda iştirakçılar etik davranış qaydaları və stressin effektiv idarə olunması ilə bağlı fikir mübadiləsi aparıb, mövzu ətrafında verilən suallar cavablandırılıb.
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə