“Payız fəsli həm hava şəraitinin dəyişməsi, həm də insanların həyat tərzində baş verən ritm dəyişikliyi baxımından xüsusi diqqət tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında terapevt-hepatoloq Zaur Orucov deyib.
Zaur Orucov sözlərinə belə davam edib: “Bu dövrdə immun sisteminin gücləndirilməsi, düzgün yuxu və qidalanma rejiminin tənzimlənməsi, həmçinin infeksion xəstəliklərdən qorunma əsas istiqamətlər hesab olunur. Əksər hallarda mövsümi dəyişikliklərlə bağlı müəyyən yanlış təsəvvürlər formalaşır ki, onların elmi əsaslarla izahı vacibdir.
1. Vitamin və qida əlavələri ilə bağlı miflər
Cəmiyyətdə geniş yayılmış yanlış fikirlərdən biri payızda mütləq polivitamin və ya digər qida əlavələrinin qəbul edilməsinin vacib hesab olunmasıdır. Müasir tibbi araşdırmalar göstərir ki, sağlam insan üçün əsas məsələ balanslı rasiondur. Günlük qidalanmada zülallar, karbohidratlar, yağlar, vitaminlər və mikroelementlər təbii şəkildə təmin olunmalıdır.
Əgər hər hansı vitamin və ya mikroelement çatışmazlığı laborator müayinələr əsasında aşkarlanarsa, yalnız o zaman polivitaminlərdən istifadə məqsədəuyğundur. Bu zaman da qəbul edilən əlavələrin tərkibində göstərilən profilaktik dozanın 100%-i aşmaması mühüm şərtdir. Çünki vitaminlərin çatışmazlığı da, artıq qəbulu da orqanizm üçün zərərlidir.
2. Yuxu və rejim məsələsi
Payız mövsümündə insanlar, xüsusən də məktəbli uşaqlar və tələbələr yenidən intensiv dərs və iş prosesinə qayıdır. Bu, orqanizmdə stressin artmasına səbəb ola bilər. Ona görə də yuxu rejiminin tənzimlənməsi mühüm əhəmiyyət daşıyır.
Sağlam yuxu gigiyenası qaydaları:
• Yatmazdan əvvəl otaq sərin, sakit və qaranlıq olmalıdır.
• Yuxudan əvvəl 30 dəqiqə ərzində televizor, telefon, planşet kimi cihazlardan istifadə edilməməlidir.
• Yatmazdan əvvəl hətta kitab oxumaq belə yuxuya getməni çətinləşdirə bilər.
• Gecə yarısından əvvəl yuxuya getmək və gündə orta hesabla 7–8 saat yuxu almaq məsləhətdir.
3. İnfeksion xəstəliklərdən qorunma
Payız mövsümündə kəskin respirator virus infeksiyaları (KRVİ) və xüsusilə qrip riski artır. Qrip virusu bu qrupa daxil olan ən təhlükəli patogenlərdən biridir. Ona görə də profilaktik tədbirlər vacibdir:
• Əllərin tez-tez yuyulması;
• Xəstə şəxslərlə təmasdan çəkinmək;
• Əgər xəstəlik əlamətləri varsa, işə və ictimai yerlərə getməmək;
• Maskadan istifadə etmək.
Ən mühüm profilaktik tədbirlərdən biri qrip əleyhinə peyvənddir. Bu peyvənd hər mövsüm yenilənir və ölkələrə fərqli vaxtlarda daxil olur. Azərbaycanda adətən vaxtında tətbiq olunur, lakin bəzi illərdə gecikmə də ola bilər. Peyvənd həm dövlət səhiyyə müəssisələrində pulsuz, həm də özəl klinikalarda ödənişli şəkildə həyata keçirilir.
4. Sağlam həyat tərzi və stressin idarə olunması
Payız mövsümündə immun sisteminin güclü qalması üçün həyat tərzinin düzgün təşkili vacibdir:
• Fiziki aktivlik: həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman;
• Sağlam qidalanma: təbii məhsullar əsasında balanslı rasion;
• Stressin azaldılması: yoga, nəfəs texnikaları, sosial ünsiyyət, ailə və dostlarla ülfət.
Stressdən qorunmaq üçün istirahət günlərinin düzgün keçirilməsi, vaxtlı-vaxtında tətil və fasilələr vacibdir.
Payız mövsümünə bədənin hazırlanması üçün xüsusi dərman və ya kapsullara ehtiyac yoxdur. Əsas tövsiyələr bunlardır: balanslı qidalanma, düzgün yuxu rejimi, fiziki aktivlik, stressdən qorunma və qrip peyvəndinin vaxtında olunması. Sağlam həyat tərzi və psixi rifah immun sisteminin güclənməsində və xəstəliklərdən qorunmada əsas amillərdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə