MGH və Florence Nightingale Xəstəxanalar Qrupu arasında strateji əməkdaşlıq müzakirə olunub
Mərkəzi Gömrük Hospitalının (MGH) rəisi, Baş həkim, t.e.d., ümumi cərrah Bəxtiyar Musayev və rəis müavini, kardioloq Nabil Seyidov 5 illik strateji planının hazırlanması ilə bağlı 20-22 avqust 2025-ci il tarixlərində Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda işgüzar səfərdə olublar.
Səfər çərçivəsində Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkimi Bəxtiyar Musayev və Nabil Seyidov Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran ilə görüşmüş və tərəflər arasında gələcək əməkdaşlıq imkanları, birgə elmi-tədqiqat layihələri, həkim mübadiləsi proqramları, həmçinin kadrların ixtisasartırma və təlim imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.
İki gün davam edən müzakirələr nəticəsində Mərkəzi Gömrük Hospitalının və Florence Nightingale Xəstəxanalar Qrupunun birgə həyata keçirilməsi planlaşdırılan bir çox klinik, tibbi təhsil və innovativ texnologiyaları əhatə edən 5 illik strateji əməkdaşlıq planı tərtib edilib.
Həmçinin, görüşdə Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Xəstəxanalar Qrupu arasında əməkdaşlıq imkanları müzakirə olunub, kardiologiya, radiologiya, patohistologiya, gastroenterologiya və nevrologiya kimi mühüm klinik sahələr üzrə birgə layihələr və əməkdaşlıq istiqamətləri barədə ilkin razılaşmalar əldə edilib.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Xəstəxanalar Qrupu arasında beynəlxalq əməkdaşlıq ölkəmizdə müasir tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi, eləcə də yüksək ixtisaslı kadr potensialının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə