“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimova “Artrozun fizioterapevtik müalicəsi” mövsuzunda suallara ətraflı cavab verib.
Həkimin dediyinə görə, artroz (osteoartrit) oynaqların “yaşlanması” və zədələnməsi ilə gedən, zamanla inkişaf edən, həyat keyfiyyətini azaldan və yayılmış xəstəlikdir. Həmin xəstəlik zamanı oynaq qığırdaqları incəlir, sümük səthləri bir-birinə sürtünməyə başlayır və nəticədə ağrı, hərəkət məhdudluğu, bəzən də iltihab yaranır. Xəstəlikdən ən çox diz, omba, boyun və bel oynaqları zərər görür.
Müalicə zamanı başlıca məqsəd ağrını azaltmaq, hərəkəti bərpa etmək və xəstəliyin irəliləməsinin qarşısını almaqdır. Burada fizioterapiya çox əhəmiyyətli rol oynayır, çünki dərmansız və təhlükəsiz üsullarla oynaqların vəziyyətini yaxşılaşdırır.
- Fizioterapiya nədir və xəstələrə necə kömək edir?
- Fizioterapiya bədən funksiyalarını dərman istifadə etmədən, xüsusi tibbi cihazlar, məşqlər və metodlarla bərpa edən sahədir. Artrozda fizioterapiya ağrını azaldır, iltihabı aradan qaldırır, qan dövranını gücləndirir, əzələlərin gücünü və tonusunu bərpa edir, oynağın hərəkət imkanlarını artırır. Mərkəzi Gömrük Hospitalında artroz üçün bir sıra əsas fizioterapiya üsulları tətbiq olunur. Bunlar aşağıdakılardır:
- Maqnitoterapiya (maqnit sahəsi) oynaqların dərin qatlarına təsir edərək ağrını və şişkinliyi azaldır;
- Lazer terapiyası zədələnmiş toxumaların bərpa prosesini sürətləndirir, qan dövranını yaxşılaşdırır;
- Zərbə dalğa terapiyası xroniki ağrı və iltihabın azaldılmasına, toxuma regenerasiyasının stimullaşdırılmasına təsir edir;
- Laser LLT aşağı intensivlikli lazer şüası ilə hüceyrələrin bərpasını stimullaşdırır, ağrını azaldır;
- Ultrasəs terapiyası iltihabı azaldır, oynaq mayesinin bərpasına kömək edir;
- Elektroterapiya sinir uclarına təsir edərək ağrını azaldır, əzələ gücünü artırır;
- Müalicəvi idman və manual terapiya hərəkəti artırır, əzələ balansını bərpa edir, ümumi vəziyyəti yaxşılaşdırır.
- Evdə nələrə diqqət yetirilməlidir?
- Fizioterapiya seansları ilə yanaşı, gündəlik həyatda da bir neçə sadə qaydaya əməl etmək müalicənin effektini artırır. İlk növbədə aşırı çəkidən uzaq olmaq lazımdır, çünki artıq çəki oynaqlara yük gətirir. Həmçinin düzgün qidalanmaya fikir vermək tövsiyə olunur. Qığırdaq sağlamlığını dəstəkləyən zülal, Omeqa-3 yağ turşuları, vitamin və minerallarla zəngin qidalar qəbul etmək məsləhətdir, hərəkətdə olmaq çox faydalıdır. Həkimin tövsiyə etdiyi yüngül məşqləri davamlı şəkildə aparmaq lazımdır. Soyuqdan və zərbələrdən qorunmaq oynaq sağlamlığı üçün çox vacib məsələdir.
Fizioterapiya hər xəstə üçün fərdi plan tələb edir. Prosedurlara başlamaq üçün əvvəlcə mütəxəssis məsləhəti almaq lazımdır. Hər kəs sağlamlığına xüsusi fikir verməli, daim hərəkətdə olmalı və sağlam yaşamağa çalışmalıdır. Mərkəzi Gömrük Hospitalında tətbiq olunan müasir fizioterapiya üsulları ilə ağrısız, aktiv və sağlam həyata addım atmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə