"Azərbaycan humanitar dəyərlərə sadiqdir" - AYDINLIQ GƏTİRİLDİ

"19 avqust – Ümumdünya Humanitar Yardım Günü – insanlığın ən ağır sınaqlarından keçdiyi bir dövrü xatırladır". Bu sözləri SİA-ya açıqlamasında Tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, bu gün biz həm humanitar missiya uğrunda həyatını itirmiş qəhrəmanları yad edir, həm də yardıma möhtac milyonlarla insana diqqət yönəldirik: "Müharibələr, iqlim dəyişiklikləri və təbii fəlakətlər nəticəsində dünyanın müxtəlif guşələrində insanlar çörəyə, təmiz suya və dərmana həsrət qalır. Aclıq artıq təkcə qida çatışmazlığı deyil, bəşəriyyətin vicdanına ünvanlanmış bir çağırışdır. Müharibə isə yalnız döyüş meydanlarında deyil, evsiz qalan uşaqların baxışlarında, ailəsini itirmiş anaların fəryadında, dağılmış şəhərlərin xarabalığında öz izini qoyur. Bu gün yardıma ehtiyac tək bir ölkənin yox, bütün bəşəriyyətin problemidir.

Azərbaycan hər zaman bu dəyərlərə sadiqliyini nümayiş etdirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva illərdir təhsil, səhiyyə, mədəniyyət və humanitar layihələrlə minlərlə insana ümid işığı olub. Uşaqların təhsil imkanlarından xəstələrin müalicəsinə, qaçqın və köçkünlərə dəstəkdən beynəlxalq humanitar təşəbbüslərə qədər görülən işlər ölkəmizin bu sahəyə verdiyi önəmi aydın göstərir".

Humanitar yardım yalnız bir tikə çörək və ya tibbi dəstək deyil, insan həyatını qorumaq, ümidləri dirçəltmək və gələcəyi xilas etməkdir. Bu günün çağırışı hər birimizə ünvanlanır: yardıma ehtiyacı olan heç kəsi unutmayaq və insanlığın ən ali dəyəri olan mərhəməti daim yaşadaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə