“Demoqrafiyada “təbii seçmə” anlayışı mövcuddur. Bu, təbii şəraitdə doğulan oğlan və qız uşaqlarının nisbətinin müəyyən qanunauyğunluq əsasında formalaşmasını ifadə edir. Ümumiyyətlə, bir çox ölkələrdə doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından bir qədər çox olur. Bu, insan nəslinin davamlılığını təmin edən təbii balans mexanizmi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında ixtisaslaşmış həkim, mama-ginekoloq Nailə Əzizova deyib.
Nailə Əzizova sözlərinə belə davam edib: “Tarixi müşahidələr göstərir ki, bioloji davamlılıq baxımından hər iki cinsin mövcudluğu zəruridir. Lakin bəzi sosial və mədəni meyillər nəticəsində bu nisbət pozula bilər. Son illərdə tibbi texnologiyaların, xüsusilə də erkən dövrdə aparılan ultrasəs müayinələrinin yayılması, dölün cinsiyyətinin hamiləliyin ilk mərhələlərində müəyyənləşdirilməsinə imkan verir. Nəticədə bəzi ailələrdə cinsiyyətə görə selektiv abort hallarına rast gəlinir.
Bu proses adətən oğlan uşaqlarına üstünlük verilməsi istiqamətində həyata keçirilir ki, bu da təbii seçmə mexanizmini pozur. Azərbaycanda da oxşar tendensiya müşahidə edilir. Mövcud qanunvericilik hamiləliyin 12-ci həftəsindən sonra cinsiyyətə görə abortun qarşısını almağa yönəlmişdir. Hətta ultrasəs müayinəsi zamanı dölün cinsiyyətinin valideynlərə açıqlanması qanunla məhdudlaşdırılır və tibbi sənədlərdə cinsiyyət qrafası göstərilmir.
Cins nisbətinin pozulması uzunmüddətli demoqrafik nəticələr doğurur. Qız uşaqlarının sayının azalması, gələcəkdə ailə qurma imkanlarının daralmasına, əhali artım tempinin zəifləməsinə və ümumilikdə demoqrafik tarazlığın pozulmasına səbəb ola bilər. Bu baxımdan selektiv abort hallarının qarşısının alınması milli təhlükəsizlik və sosial sabitlik üçün vacib hesab olunur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə