Doğuş otağında iki nəfərlik sınaq: Həyat yoldaşının rolu və dəstəyi - HƏKİM DANIŞDI

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 124 nömrəli əmri ilə doğuş zamanı ailə üzvlərinin, xüsusilə həyat yoldaşının iştirakına hüquqi əsas yaradılmışdır. Bu, müasir dövrün ailə modelinə və qlobal təcrübələrə uyğun olaraq qəbul edilən mütərəqqi bir yanaşmadır”. Bu sözləri SİA-ya açıqlamasında ixtisaslaşmış həkim, mama-ginekoloq Nailə Əzizova deyib.

Nailə Əzizova sözlərinə belə davam edib: “Avropa ölkələrində və digər inkişaf etmiş cəmiyyətlərdə doğuş zamanı ata namizədlərinin iştirakı geniş şəkildə tətbiq olunur. Xaricdə yaşayan ailələrin çox vaxt yaxın qohum əhatəsi olmadığı üçün həyat yoldaşları bu prosesdə həm psixoloji dəstək, həm də ailə birliyinin təməlini gücləndirən iştirakçı kimi rol alırlar. Azərbaycanda da gənc ailələr bu təcrübəyə yaxınlaşmaqda və həyat yoldaşlarının doğuş prosesində iştirakı ideyasını müsbət qarşılayaraq onu qəbul etməyə başlayıblar.

Mütəxəssislərin fikrincə, əgər həyat yoldaşı tibbi və psixoloji baxımdan doğuş prosesinə hazırdırsa – yəni qan görməkdən narahat olmursa, emosional sabitliyini qoruya bilirsə – onun bu hadisədə iştirakı ana üçün ciddi bir psixoloji dəstək funksiyasını yerinə yetirə bilər. Bundan əlavə, bu iştirak atanın valideynlik məsuliyyətini daha dərindən dərk etməsinə, övladın dünyaya gəlməsi prosesinə şahid olmaqla ana və uşağa qarşı empatiya hissini gücləndirməsinə səbəb olur.

Doğuş zamanı iştirak həm də ailədaxili münasibətləri möhkəmləndirən sosial amil kimi çıxış edir. Atanın övladın dünyaya gəliş prosesində aktiv iştirak etməsi, onun həm valideynlik vəzifələrinə, həm də həyat yoldaşına münasibətində daha anlayışlı və məsuliyyətli olmasına şərait yaradır. Bu səbəbdən, həyat yoldaşının doğuşda iştirakı yalnız hüquqi çərçivədə deyil, həm də sosial və psixoloji baxımdan təqdirəlayiq və təşviqedici bir yanaşmadır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə