Ana südünün hormon və bioloji faktorlarının körpə sağlamlığına təsiri

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Dr. Fərəh Vahabova 1–7 avqust – Dünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində “Həkim məsləhəti” rubrikasında “Ana südü ilə qidalanmanın üstünlükləri” mövzusunda geniş məlumat verib. Ana südü ilə qidalanan uşaqlar daha sağlam olur, infeksiyalara qarşı daha dözümlü olur və həm fiziki, həm də zehni inkişaf baxımından üstünlük qazanırlar. Ana südü təkcə qida deyil. O, ana ilə körpə arasında qurulan sevgi və güvən körpüsüdür. Körpəni qucağa almaq, dərisi ilə təmas qurmaq və onu yalnız ana südü ilə qidalandırmaq — bu sadə görünən, amma çox böyük təsiri olan addımlar onun sağlam böyüməsinə əvəzsiz töhfə verir.

Ana südü körpənin immunitetini gücləndirən, bədənini xəstəliklərdən qoruyan, hətta gələcəkdə piylənmə və şəkərli diabet kimi problemlərin yaranma riskini azaldan canlı bir mənbədir. Bu səbəbdən də hər bir ana imkan daxilində körpəsini ana südü ilə bəsləməyə çalışmalıdır – çünki bu, ona veriləcək ən gözəl başlanğıcdır.

Dəri təması, erkən və müstəsna ana südü ilə qidalanma körpənin sağlam böyüməsinə və inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Belə ki, ana südü körpə üçün bioloji baxımdan ideal və balanslaşdırılmış tərkibə malikdir: hormonlar, boy faktorları və bioloji aktiv maddələrlə zəngindir. Bu komponentlər uşaqda metabolizmanın tənzimlənməsi və orqanizmin müdafiə mexanizmlərinin güclənməsi üçün olduqca əhəmiyyətlidir.
Ana südü, eyni zamanda, ananın sağlamlığı üçün də vacibdir. Onun tərkibindəki amilaza, lipaza, fosfataza, proteaza və daşıyıcı zülallar kimi fermentlər körpənin həzm sisteminə uyğun şəkildə formalaşdığı üçün asanlıqla mənimsənilir. Ana südündəki immunoqlobulinlər körpənin immun sistemini gücləndirir, bağırsaq selikli qişasında yerləşərək yerli immuniteti təmin edir. Ana südündə təbii şəkildə mövcud olan hormonlar – xüsusilə leptin, qrelin, insulin və adiponektin – körpənin aclıq və toxluq hissini tənzimləyir, sağlam iştah formalaşmasına kömək edir. Bu hormonlar uşaqda maddələr mübadiləsinin düzgün qurulmasında, enerji balansının qorunmasında və gələcəkdə piylənmə riskinin azalmasında vacib rol oynayır. Boy faktorları isə hüceyrə bölünməsi və toxuma inkişafını stimullaşdıraraq körpənin sağlam böyüməsini təmin edir. Bu səbəbdən ana südü yalnız qida deyil, eyni zamanda körpənin bioloji ritmlərini və inkişaf mexanizmlərini tənzimləyən canlı bir sistemdir.

Xüsusilə vaxtından əvvəl doğulan uşaqlar üçün ana südünün faydaları daha nəzərəçarpacaqdır çəki artımı daha yaxşı gedir, infeksion və iltihabi xəstəliklər daha az müşahidə olunur.

Ana südü ilə qidalanmanın əsas üstünlükləri:
Körpəni infeksiyalardan qoruyur
İmmuniteti gücləndirir.

Xroniki xəstəliklərin yaranma riskini azaldır
Diabet, piylənmə, hipertoniya və aterosklerozun inkişaf ehtimalını azaldır

Allergik reaksiyaların qarşısını alır

Ani uşaq ölümü sindromunun riskini azaldır

Beynin və idrak qabiliyyətlərinin inkişafına kömək edir

Endorfin ifrazını artıraraq körpəni sakitləşdirir
Ana ilə körpə arasında güclü emosional bağ yaradır

Doğuşdan sonra qanaxmaların və anemiyanın qarşısını alır

Ananın əvvəlki bədən çəkisini bərpa etməsinə kömək edir

Süd vəzisi, yumurtalıq xərçəngi və osteoporoz riskini azaldır

Qulaq infeksiyası, ishal, pnevmoniya kimi xəstəliklərə qarşı qoruyucudur

Ən azı ilk 6 ay yalnız ana südü ilə qidalanma, həm uşağın, həm də ananın uzunmüddətli sağlamlığı üçün ən yaxşı investisiyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə