At, arı və donuzların xüsusi təhlükəli xəstəlikləri üzrə klinik müşahidələr aparılacaq
Cari ilin 11-22 avqust tarixlərində respublika ərazisində atların, arıların və donuzların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinə məqsədilə diaqnostik nümunələr götürüləcək. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbir müddətində müşahidə aparılacaq ərazilər və epizootoloji vəziyyət barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.
Monitorinqdə AQTA, Qida Təhlükəsizliyi İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə