Daha üç tibb müəssisəsində elektron növbə sistemi qurulub - FOTOLAR

Daha üç tibb müəssisəsində - Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında və Lənkəran Rayon Mərkəzi Xəstəxanasında elektron növbə sistemi qurulub. SİA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, mərhələli şəkildə icra olunan bu proses adıçəkilən tibb müəssisələrində yekunlaşıb.

Tibb müəssisələrində quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.

Qeyd edək ki, artıq ölkə üzrə 20-dən çox tibb müəssisəsində elektron növbə monitorları quraşdırılıb, elektron növbə sistemi tam işlək vəziyyətə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə