"Bağça mühiti stimulverici və inkişafetdirici rol oynayır" - PSİXOLOQ RƏY BİLDİRDİ
"Uşaqlıq dövrü insan həyatının ən həssas və formalaşdırıcı mərhələsidir. Bu dövrdə uşaqlar həm fiziki, həm psixoloji, həm də sosial baxımdan sürətlə inkişaf edir. Məhz buna görə də erkən yaşlarda uşaqlara təqdim olunan mühit, münasibət və təhsil forması onların gələcək həyatına birbaşa təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, uşaq bağçaları yalnız gündəlik qayğı və nəzarət üçün deyil, eyni zamanda uşaqların şəxsiyyətinin, davranışlarının və sosial bacarıqlarının formalaşması üçün mühüm məkandır: "Bağçaya getmək uşaqların sosial mühitə daxil olması üçün ilk ciddi addımdır. Ailə mühitindən çıxaraq fərqli insanlarla - yaşıdları və müəllimlərlə - ünsiyyət qurmağa başlayan uşaq, paylaşmağı, gözləməyi, qaydalara riayət etməyi və başqalarının hisslərinə hörmətlə yanaşmağı öyrənir. Bu, uşaqlarda sosiallaşmanı və empati hissinin inkişafını dəstəkləyir. Uşaq bağçaları həm də dil və nitq inkişafı baxımından əhəmiyyətlidir. Uşaqlar burada müxtəlif oyunlar, şeirlər, nağıllar və söhbətlər vasitəsilə söz ehtiyatlarını genişləndirir, özlərini ifadəetmə bacarığını təkmilləşdirirlər. Xüsusilə nitq geriliyi və ya sosial çəkinkənlik yaşayan uşaqlar üçün bağça mühiti stimulverici və inkişafetdirici rol oynayır.
Bağçalar eyni zamanda uşaqlara gündəlik rejim və məsuliyyət anlayışını aşılayır. Müəyyən vaxtda yemək, oynamaq, istirahət etmək və müxtəlif fəaliyyətlərdə iştirak etmək uşaqların daxili intizamını formalaşdırır. Bu rejim məktəbə keçid zamanı uyğunlaşmanı asanlaşdırır və uşaqların müstəqillik hissini gücləndirir. Bağçada keçirilən tədris və inkişafetdirici fəaliyyətlər uşaqların zehni və yaradıcı potensialını da ortaya çıxarır. Rənglər, formalar, sayma, sadə yazı və rəsmlər vasitəsilə uşaq ətraf aləmi daha dərindən qavrayır və məktəbə hazırlıq baxımından baza biliklər qazanır. Bu da gələcək təhsil həyatının uğurlu başlanğıcı üçün möhkəm zəmin yaradır.
Eyni zamanda, bağça uşaqlarda emosional dayanıqlığın formalaşmasında da mühüm rol oynayır. Uşaqlar burada müxtəlif hissləri - sevinci, həyəcanı, narahatlığı, yaşamağı və idarə etməyi öyrənirlər. Müəllimlərin dəstəyi ilə bu emosiyaları tanıma və ifadəetmə bacarıqları artır, bu isə emosional zəkanın inkişafına təkan verir. Bağçaya gedən uşaq ailədən uzaqda olmağı, sosial mühitdə təkbaşına davranmağı öyrənir. Bu da onların özünəinamını artırır və gələcək həyatlarında daha çevik və uyğunlaşa bilən fərdlər kimi formalaşmalarına səbəb olur. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, uşaqların bağçaya getməsi onların həm zehni, həm emosional, həm də sosial inkişafı üçün əvəzsiz rol oynayır. Valideynlər bu mərhələni yalnız “uşaq haradasa vaxt keçirsin” yanaşması ilə deyil, onun şəxsiyyət və gələcək həyatına qoyulan ciddi təməl kimi qiymətləndirməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə