İstifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi həyata keçiriləcək

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, ötən il Agentlik və Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının birgə təşəbbüsü ilə cəlb edilmiş xüsusi lisenziyalı şirkət tərəfindən Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisidin və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsinin beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılması və zərərsizləşdirilməsi məqsədilə xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na daşınması və yerləşdirilməsi təmin olunub.

Ağstafa və Beyləqan rayonlarında daşınmanın həyata keçirildiyi ərazilərdə çirklənməyə məruz qalmış torpaq sahələrinin bioloji üsullarla bərpası (bioremediasiya) məqsədilə Agentlik tərəfindən müvafiq təlimat və Vahid Plan hazırlanaraq aidiyyəti dövlət qurumlarının iştirakı ilə bu istiqamətdə işlərin icrasına başlanılıb.

Qeyd edək ki, həyata keçirilən bu tədbirlər növbəti mərhələdə digər rayonlardakı təhlükə potensiallı obyektlərdə də davam etdiriləcək, müəyyən edilmiş istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq.

Ağstafa və Beyləqan rayonları üzrə keçmiş Kənd Kimya Birliklərinin ərazilərində icra olunan, eləcə də yaxın müddətdə digər rayonlarda həyata keçirilməsi planlaşdırılan tədbirlər ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu fəaliyyətlər ətraf mühitin mühafizəsinə yönəldilməklə yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvanlar və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə