11-13 iyul 2025-ci il tarixlərində Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.e.d. Dr.Aynur Səfiyeva və Təcili Yardım şöbəsinin təcili yardım həkimi Nərgiz Kərimova Gürcüstanın Tbilisi şəhərində Grigol Robakidze Universitetinin təşkilatçılığı ilə keçirilən Ümumdünya Sağlamlıq Konqresində iştirak ediblər. SİA xəbər verir ki, dr.Aynur Səfiyeva konqresin “Qastrointestinal cərrahiyyə” üzrə sessiyasında proktologiyanın aktual problemlərinə dair təqdimatla çıxış edib. Aynur həkim məruzəsində müasir müalicə metodunun klinik effektivliyi, tətbiq sahələri və invaziv cərrahiyyəyə alternativ olaraq təqdim etdiyi üstünlüklər haqqında ətraflı məlumat verib. Dr. Aynur Səfiyevanın təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və anal bölgə patologiyalarının müalicəsində minimal invaziv yanaşmalara dair beynəlxalq səviyyədə fikir mübadiləsinə zəmin yaradıb. Ümumdünya Sağlamlıq Konqresi dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, praktik tibb mütəxəssislərini və səhiyyə təşkilatlarının nümayəndələrini bir araya gətirərək, sağlamlıq sahəsində innovativ yanaşmaların, müasir texnologiyaların və yeni tədqiqat nəticələrinin müzakirə olunduğu nüfuzlu platforma hesab olunur.
Azərbaycanlı həkimlərinin belə mötəbər beynəlxalq elmi tədbirdə fəal iştirakı ölkəmizin tibb sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq elmi ictimaiyyətə təqdimatı baxımından olduqca əhəmiyyətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə