"Hər eksperiment gələcəkdə daha ciddi problemlərə yol aça bilər" - AYDINLIQ GƏTİRİLDİ

"Son zamanlar həm apteklərdə, həm də sosial şəbəkələrdə müxtəlif məqsədlərlə satılan məcunlar və təbii mənşəli dərman vasitələri geniş yayılıb. Xüsusilə enerji artırıcı, sonsuzluğa qarşı, zəiflik və həzm problemlərinə “çözüm” vəd edən bu məhsullar insanların sağlamlıq axtarışından istifadə edərək sürətlə bazar qazanır". Bu sözləri SİA-ya açıqlamasında həkim Təranə Muradova deyib.

Onun sözlərinə görə, lakin bu vəziyyət bir çox tibbi və təhlükəsizlik suallarını da gündəmə gətirir: "Apteklərdə satılan bəzi məhsullar Səhiyyə Nazirliyindən qeydiyyatdan keçsə də, qeydiyyatsız və mənşəyi naməlum məcunlar da mövcuddur. Bu cür preparatların tərkibində hansı maddələrin olduğu, hansı dozada istifadə edilməli olduğu və orqanizmə hansı təsirləri göstərəcəyi çox vaxt bəlli olmur. Təbii adlandırılsa belə, istənilən maddə allergiya, daxili orqanlara zərər və ya dərmanlarla mənfi qarşılıqlı təsir yarada bilər.

Sosial şəbəkələr üzərindən satılan preparatlar isə daha böyük risk daşıyır. Onların çoxu qeyri-peşəkar şəxslər tərəfindən, heç bir tibbi nəzarət və laborator analiz olmadan hazırlanır və reklam olunur. Bu cür vasitələrin istifadəsi bəzən qısa müddətli müsbət təsir yaratsa da, uzunmüddətli nəticələri fəsadlarla müşayiət oluna bilər.

Əhalinin belə vasitələrə müraciət etməzdən əvvəl həkimlə məsləhətləşməsi vacibdir. Tibbi müayinə və düzgün diaqnoz əsasında aparılan müalicə hər zaman daha təhlükəsiz və effektiv nəticə verir. Unutmaq olmaz ki, sağlamlıq üzərində edilən hər eksperiment gələcəkdə daha ciddi problemlərə yol aça bilər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə