Həkimlər niyə hələ də kağız reseptdən tam imtina etmirlər? - HƏKİM DANIŞDI

“Həkimlərin hələ də kağız reseptdən tam imtina etməməsinin əsas real səbəbləri var”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama ginekoloq Ləman Əliyevq deyib.

Ləman Əliyeva sözlərinə belə davam edib: “İnfrastruktur və texnologiya geriliyi: Bir çox ölkədə, xüsusən də post-sovet məkanında və inkişaf etməkdə olan ölkələrdə elektron resept sistemi tam oturuşmayıb. Serverlər stabil işləmir, bazalar qarışır, proqramlar köhnədir. Həkim hər xəstə üçün 10 dəqiqə proqramın açılmasını gözləmək istəmir.

Həkimlərin vərdiş və müqaviməti: Həkimlərin əksəriyyəti illərlə kağız reseptlə işləyib. Bu vərdişi dəyişmək onlar üçün əziyyətlidir və hətta bir çoxu bunu “lazımsız bürokratiya” sayır. Bəziləri də açıq deyir ki, “mən kompüterdə işləmək istəmirəm”.

Hüquqi və inzibati boşluqlar:
Bəzi ölkələrdə qanunlar elektron resepti əsas sənəd kimi tanımır, ya da əczaçılar yalnız möhürlü kağız resepti qəbul edirlər. Sistem qismən keçid dövründə ilişib qalıb.

İnternet asılılığı:
Elektron resept sistemi online işləyir. İnternet gedəndə həkim məcbur qalır yenə kağızdan istifadə etsin. Xüsusilə regionlarda bu real problemdir.

Yaşlı xəstə kontingenti:
Bir çox yaşlı insan resepti telefonundan yox, kağızda, aydın şəkildə görməyi üstün tutur. Həkimlər də münaqişədən qaçmaq üçün köhnə yolu saxlayır.

Sığorta və farmasevt təzyiqləri:
Bəzi sığorta şirkətləri kağız resepti tələb edir ki, sonradan kompensasiya üçün “sənədli sübut” olsun. Bəzən apteklər də elektron resepti düzgün qəbul etməmək bəhanəsi ilə xəstəni kağıza yönəldir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə