2025-ci ilin yanvar-iyun ayları ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “815” Çağrı Mərkəzinə ümumilikdə 70 min 609 zəng daxil olub. Müraciətlərdən 68 min 768 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 1 841 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 926 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 802 müraciətlə əlaqədar məsələ həll edilib, 113 müraciət elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, daxil olan müraciətlərin mövzusu əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və xidmətdən şikayət, kadr məsələləri, arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə