Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatlarının icrasına başlanılıb

Mərkəzi Neftçilər Xəstəxanasında Azərbaycanda nadir icra olunan və tibbin son nailiyyətlərindən hesab edilən TAVİ (kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi) əməliyyatlarının icrasına başlanılıb. SİA xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, tibb müəssisəsində eyni gündə iki vətəndaş – 1941-ci il və 1950-ci il təvəllüdlü pasiyentlər üzərində icra olunan TAVİ əməliyyatı uğurlu başa çatıb.

Dəyəri kifayət qədər yüksək olan TAVİ əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə icra edilib və icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.

Tibb müəssisəsinin direktorunun terapiya işləri üzrə müavini, invaziv kardioloq Saleh Hüseynov və Kardiologiya şöbəsinin peşəkar tibbi komandası tərəfindən əməliyyat olan hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Məlumat üçün bildirilir ki, TAVİ döş qəfəsini açmadan, heç bir kəsik aparmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur. Bu əməliyyat yaşla bağlı olaraq aorta qapağının kirəcləməsi nəticəsində kritik aorta stenozu olan, yəni klapanda daralma baş verən yaşlı xəstələrdə tətbiq edilir. Xəstə üçün üstünlüyü 24-48 saat sonra evə yazılaraq normal həyatına davam etməsidir. Daha az travmatik xüsusiyyətə malik olan əməliyyat sonrası müddət 2-3 gün təşkil edir. TAVİ açıq əməliyyata uyğun olmayan xəstələr üzərində də icra edilə bilər.

Qeyd edək ki, daha əvvəl TAVİ əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində Yeni Klinikada icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə