Qızılcanın diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır

Qızılca, əsasən uşaqlarda rast gəlinən, yüksək infeksion xüsusiyyətə malik, virus mənşəli xəstəlikdir. Qızılca virusu, hava damcı yolu ilə yayılaraq, bədənin müxtəlif hissələrində qaşınma, öskürək və yüksək hərarət, burun axması, gözlərdə qızarıqlıq, yüksək temperaturun ardından üzdən başlayaraq bədənin qalan hissəsinə doğru yayılan səpkilərləözünü büruzə verir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qızılcanın diaqnostika və stasionar müalicəsi üçün geniş çeşiddə tibbi xidmətlər təminata alınıb.Xəstəliyin diaqnozu əsasən klinik əlamətlər əsasında qoyulur, lakin dəqiq diaqnozun təsdiqi üçün bir neçə laborator analiz tətbiq oluna bilər. Bu analizlər arasında Anticisim Rubella seroloji testi, PCR (Polymerase Chain Reaction) testləri və qızılca virusunun antikorlarını yoxlamaq üçün İgG və İgM testləri icbari tibbi sığorta hesabına qarşılanır.

Əksər hallarda qızılca yüngül bir xəstəlik kimi keçsə də, bəzi hallarda ciddi ağırlaşmalara yol aça bilər. Qızılca, xüsusən immuniteti zəif olan, yaşlılar, uşaqlar və hamilələrdə daha ciddi fəsadlara səbəb ola bilər. Bu ağırlaşmalar arasında ağciyər iltihabı (pnevmoniya), beyin iltihabı (encefalit), baş vә onurğa beyninin toksiko-allergik vә ya virus etiologiyalı iltihabı (encefalomielit), qulaq infeksiyası (orta otit), meningit, qusma, bağırsaq, ürək problemləri, göz iltihabı (keratit), konyuktivitvə digər diaqnozlarla müşayiət olunan xəstəliklərə rast gəlinə bilər. Tibbi göstərişə əsasən qızılcanın ağırlaşması zamanı qeyd olunan xəstəliklərin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaşlar bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər. Qeyd olunan xidmətlər - laborator analizlər, instrumental-diaqnostik müayinələr, stasionar müalicə tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün bildirək ki, qızılcanın daha çox ağırlaşmasına səbəb ola biləcək risk faktorları arasında vitamin A çatışmazlığı, immun sisteminin zəifliyi, digər xroniki xəstəliklər vəyaş amiliyer alır. Bu ağırlaşmaların qarşısını almaq üçün erkən müdaxilə vacibdir. Qızılcaya qarşı ən güclü müdafiə üsulu QPM peyvəndidir (qızılca, parotit, məxmərək peyvəndi). Bu peyvənd 1 və 6 yaşlarda iki doza şəklində icbari tibbi sığorta hesabına vurulur və yüksək effektivliyə malikdir.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxslərin izolyasiyası, şəxsi gigiyena qaydalarına ciddi riayət və erkən tibbi müdaxilə həyati əhəmiyyət daşıyır. Əlamətlər aşkarlandıqda dərhal həkimə müraciət etmək ağırlaşmaların qarşısını almağa kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə