"Apteklərdə adətən satışı qadağan olunmuş və ya yalnız xüsusi qaydalar əsasında verilən dərmanlar olur". Bunu SİA-ya açıqlamasında professor-ekspert Adil Qeybulla söyləyib.
Onun sözlərinə görə, bunlar əsasən psixotrop preparatlardır: "Hətta bəzi antihistamin preparatlar da bu qaydaya aiddir. Təəssüflər olsun ki, bəzi dərman preparatları - məsələn, dimedrol - adi satışda ola biləcəyi halda, bəzən apteklər tərəfindən verilmir. Halbuki bununla bağlı konkret və vahid qaydalar mövcud olmalıdır. Aydın şəkildə müəyyənləşdirilməlidir ki, hansı dərman preparatları yalnız xüsusi reseptlə verilməlidir, hansıları isə açıq satışda olmalıdır. Ehtimal etmək olar ki, bu sahədə müəyyən qaydalar mövcuddur, lakin onlar ictimaiyyətə daha geniş şəkildə təbliğ edilməlidir.
Bəzi dərmanların yalnız xəstəxana tərəfindən verilən reseptlər əsasında, həm tibb müəssisəsinin möhürü, həm də həkim imzası ilə təchiz olunaraq satılması məntiqlidir. Bu, xüsusilə psixotrop preparatların nəzarətsiz istifadəsinin qarşısını almaq baxımından vacibdir. Lakin bu cür dərmanlardan başqa, digər dərman preparatlarının isə – əgər aptekdə mövcuddursa – açıq şəkildə satışı təmin olunmalıdır. Mən isə hesab edirəm ki, antibiotiklər və digər güclü təsirə malik dərmanlar yalnız resept əsasında satılmalıdır. Yalnız parasetamol, aspirin və ibuprofen kimi ümumi istifadədə olan, nisbətən təhlükəsiz preparatlar istisna olmaqla, bütün digər dərmanların reseptlə satılması məqsədəuyğundur.
Digər bir mühüm məsələ – antibiotiklərin ev şəraitində istifadəsi və ya iynə şəklində evdə vurulması – qəti şəkildə qadağan edilməlidir. Belə müalicələr yalnız həkim nəzarətində və xəstəxana şəraitində həyata keçirilməlidir. Bu sahədə konkret və icbari qaydalar tətbiq olunmalıdır.
Dünyanın sivil ölkələrində necə qaydalar mövcuddursa, bizdə də eyni qaydalar tətbiq edilməlidir. Bəzən müəyyən dərman preparatlarının apteklərdə olmaması, onları ölkəyə gətirən idxalçı firmalarla bağlı yaranan fasilələrlə əlaqəli olur. Lakin bu hallarda da firmalar məsuliyyət daşımalıdırlar. Onlar dərmanların fasiləsiz idxalını və satışını təmin etməlidirlər, əgər bu öhdəliyi kommersiya müqaviləsi ilə üzərlərinə götürüblərsə. Hazırda dərman bazarında müəyyən narahatlıqlar mövcuddur və bu sahə tənzimlənməlidir. Qiymət artımı, dərmanların tapılmaması, satış qaydalarındakı qeyri-müəyyənlik – bütün bu məsələlərin hər biri dövlət tərəfindən tənzimlənərək öz həllini tapmalıdır".
Müəllif: Günel Rəşadqızı
Bütün xəbərlər Facebook səhifəmizdə