Körpə orqanizmindəki mikroblar sonradan onun həyatını xilas edə bilir...

Alimlər ilk dəfə sübut ediblər ki,

...Körpələrin doğulduqdan dərhal sonra qarşılaşdıqları bəzi bakteriyalar onları sonrakı həyatlarında təhlükəli infeksiyalardan qoruya bilər.

SİA-nın məlumatına görə, bu, London Universitet Kolleci və Sanger İnstitutunun alimlərinin gəldiyi nəticədir.

Maraqlıdır ki, bu tapıntı yalnız təbii yolla doğulan uşaqlara aiddir.

Buna görə də alimlər qeysəriyyə əməliyyatı ilə doğulan körpələr üçün müvafiq terapiya hazırlamaq niyyətindədirlər.

Beləliklə, alimlər ilk dəfə sübut etməyə nail olublar ki, faydalı bakteriyalar azyaşlı uşaqların ağciyər infeksiyası ilə xəstəxanaya düşmə riskini yarıya qədər azaldır.

Elm adamları bunu körpələrdə faydalı bakteriyaların böyüməsini təşviq etmək üçün müalicələrin inkişafına kömək edə biləcək təəccüblü bir kəşf adlandırıblar.

…Fakt budur ki, alimlərin fikrincə, mikroblarla erkən təmas insanın immun sisteminin inkişafında həlledici rol oynayır. Tədqiqatçılar insan orqanizminin bakteriya, göbələk və digər mikroorqanizmlər tərəfindən kolonizasiyasının ən erkən mərhələlərini tədqiq ediblər.

Onlar həyatın ilk həftəsində 1082 yeni doğulmuş körpədən nəcis nümunələri toplayıblar. Daha sonra bədəndəki mikrobların növlərini və hər bir uşaqda onların olub olmadığını müəyyən etmək üçün nümunələrdəki bütün DNT-nin kütləvi analizini apardılar.

Daha sonra alimlər xəstəxanaların tibbi məlumatlarından istifadə edərək iki il ərzində uşaqların xəstəliklərini izləyiblər.

Alimlər Bifidobacterium longum bakteriyasının qoruyucu xüsusiyyətlərə malik olduğunu aşkar ediblər.

Məsələ burasındadır ki, bu tip bakteriyalara malik körpələrin yalnız 4 faizi iki il ərzində ağciyər infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

İlkin mikrobiomda müxtəlif növ bakteriya olan körpələrin xəstəxanaya yerləşdirilmə ehtimalı üç dəfə çox idi. Bu, mikrobiom tərkibinin infeksiya riskinə təsir etdiyini göstərən ilk sübutdur.

London Universitet Kollecinin professoru Naycel Field nəşrə deyib ki, “…Bu, həqiqətən fenomenaldır. Bunun sübuta yetirilməsi heyrətamizdir”.

Professor Field onu da deyir ki, ya bakteriyaların özləri, ya da qidaları həzm edərkən istehsal etdikləri birləşmələr immunitet sistemi ilə qarşılıqlı əlaqədə olur və “immun sisteminin yetkinləşməsinə, dost və düşməni tanımasına təsir edir”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə