Azərbaycanla Macarıstan tibbi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində işgüzar səfərdə olub. SİA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin tərkibinə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və qurumun nümayəndələri də daxildir. Səfərin məqsədi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və icbari tibbi sığorta sahəsində beynəlxalq təcrübənin öyrənilməsidir.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti ilə Macarıstanın Daxili İşlər Nazirliyinin Səhiyyə üzrə dövlət katibi müavini Judith Bidlo arasında görüş keçirilib. Judith Bidlo Macarıstanın səhiyyə sisteminin idarə olunması, tibbi xidmətlərin təşkili və maliyyələşdirilməsi barədə məlumat verib. O sığorta sahəsində əməkdaşlığın həm strateji, həm də praktiki baxımdan əhəmiyyətli olduğunu vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkə üçün faydalı olacağına əminliyini bildirib.

Zaur Əliyev Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib, səhiyyə sistemində yeni texnologiyaların tətbiqi və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin Macarıstanda icbari tibbi sığorta modeli ilə tanışlığın Azərbaycanda aparılan səhiyyə islahatlarına əlavə dəyər qatacağına inamını ifadə edib.

Vüqar Qurbanov isə öz növbəsində tibb müəssisələrinin idarəetmə modeli, infrastrukturun optimallaşdırılması, kadr potensialının gücləndirilməsi, tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və pasiyent məmnunluğunun artırılması istiqamətində həyata keçirilən yeniliklər, tibb müəssisələrində beynəlxalq standartların, eləcə də xarici ölkələrin qabaqcıl təcrübələrinin tətbiqi barədə danışıb.

Macarıstanın səhiyyə sisteminin maliyyələşdirilməsi mexanizmlərinin öyrənilməsi məqsədilə Milli Sağlamlıq Sığorta Fondunda da görüş keçirilib. Görüş zamanı səhiyyə xidmətlərinin maliyyələşdirilməsi, xəstəxana idarəetməsi, dərman təminatı və dövlət-özəl sektor arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Milli İctimai Səhiyyə və Əczaçılıq Mərkəzi dərmanların qeydiyyatı, keyfiyyətə nəzarət və təhlükəsizliyi sahəsində Macarıstanın əsas qurumu olaraq nümayəndə heyətini qəbul edib. Görüşdə dərman çatışmazlığı və saxtalaşdırma problemlərinin qarşısının alınması üçün həyata keçirilən tədbirlər və tənzimləmə mexanizmləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Xəstəxanalar üzrə Milli Baş Müdirlikdə keçirilən görüşdə ilkin və ambulator tibbi xidmətlərin təşkili, insan resurslarının idarəedilməsi və süni intellektin səhiyyə sahəsində tətbiqi kimi aktual mövzular ətrafında müzakirələr aparıb.

Səfər çərçivəsində son olaraq nümayəndə heyəti Onkologiya İnstitutunda da olub, xərçənglə mübarizə sahəsində tətbiq edilən innovativ müalicə üsulları, o cümlədən uşaq şüa terapiyası və ağciyər transplantasiyası üzrə aparılan işlərlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə