“Bunlar birmənalı şəkildə sağlamlığa faydalı vasitələr kimi tanınır” - HƏKİM DANIŞDI
“Kapitalist sistemdə əsas məqsəd gəlir əldə etməkdir. Bu baxımdan, insanların sağlam qalıb-qalmaması bir çox hallarda prioritet sayılmır. Xarici şirkətlər tez-tez müxtəlif kimyəvi maddələri bazara buraxır, eyni zamanda kiçik bizneslə məşğul olan şəxslər də qazanc məqsədilə öz məhsullarını satışa çıxarırlar”. Bu sözləri SİA-ya açıqlamasında onkoloq İbrahim Əsədli deyib.
İbrahim Əsədli sözlərinə belə davam edib: “Hal-hazırda bir çox sadə, lakin təsirli vasitələr var ki, onların effektivliyi artıq sınaqlarla sübut olunmuşdur. Məsələn: sarıkök, limon, sarımsaq, qreypfrut, ayıüzümü, zəncəfil, ərik tumu, ağcaqayın, çətənə yağı və digər təbii maddələr. Bunlar birmənalı şəkildə sağlamlığa faydalı vasitələr kimi tanınır və istifadəsi tövsiyə olunur.
Bu səbəbdən məhsulun mənşəyinin bilinməsi də əhəmiyyətlidir, lakin əsas məsələ onun tərkibinin və istifadəyə uyğunluğunun düzgün qiymətləndirilməsidir. Təəssüf ki, bəzi təbii vasitələr – məsələn, çətənə yağı və ya acı yovşan – bir çox ölkələrdə istifadəyə icazə verilsə də, Azərbaycanda bu məhsulların istifadəsi ya məhdudlaşdırılır, ya da ümumiyyətlə bazarda tapılmır.
Əlavə olaraq, bəzi hallarda təbii məhsullardan əldə olunan faydalı maddələrin (məsələn, ərik çəyirdəyindən alınan toz formasında maddələrin) qeydə alınmaması və istifadəsinin məhdudlaşdırılması da ictimai sağlamlığa mənfi təsir göstərir. Təəssüf doğuran hal ondan ibarətdir ki, bu cür qərarların qəbulunda bəzi məmurların məsuliyyətsiz davranışları və qeyri-şəffaf yanaşmaları mühüm rol oynayır. Nəticə etibarilə, əsas problem yalnız qeyri-müəyyən mənşəli məhsulların satışı deyil, daha çox bu sahədə nəzarət edən qurumların qeyri-effektivliyi və ictimai maraqlara uyğun hərəkət etməməsidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə