Randox Beynəlxalq Keyfiyyətin Qiymətləndirilməsi Sistemi çərçivəsində maarifləndirici seminar keçirilib
29 may 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə, “İmago Medical Systems” şirkətinin dəstəyi ilə Randox Beynəlxalq Keyfiyyətin Qiymətləndirilməsi Sistemi (RIQAS) proqramı çərçivəsində beynəlxalq təcrübəyə əsaslanan maarifləndirici seminar keçirilib.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev, Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d. Səbinə İbrahimova, Randox şirkətinin Marketinq direktoru Susan Hammond, Biznesin İnkişafı Departamentinin meneceri Ornella Kim, Təlimlər üzrə mütəxəssis Sahil Trikha, laboratoriya mütəxəssisləri və rəsmi qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim, t.e.d. Bəxtiyar Musayev tədbir iştirakçılarını səmimi salamlayaraq, laboratoriya xidmətlərinin müasir səhiyyə sistemində strateji əhəmiyyət daşıdığını, eləcə də pasiyentin sağlamlıq durumunun dəqiq və vaxtında qiymətləndirilməsi, düzgün diaqnostik qərarların qəbul olunması və effektiv müalicənin strategiyalarının müəyyənləşdirilməsinin bilavasitə laborator müayinələrin keyfiyyəti ilə sıx bağlı olmasını bildirib.
Baş həkim Bəxtiyar Musayev qeyd edib ki, laboratoriya sahəsində yüksək texnoloji avadanlıqların, beynəlxalq standartlara əsaslanan keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi tibbi xidmətlərin ümumi keyfiyyətinə birbaşa təsir göstərir və maarifləndirici tədbirlər səhiyyə sistemində davamlı inkişafın təmin olunması, mütəxəssis heyətinin bilik və bacarıqlarının artırılması və pasiyentlərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Randox şirkətinin Marketinq direktoru Susan Hammond və Təlimlər üzrə mütəxəssis Sahil Trikha təqdimatla çıxış edərək, proqramın məqsədləri, beynəlxalq təcrübələr və laboratoriya xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində istifadə olunan innovativ metodlar barədə geniş məlumat veriblər. Onlar həmçinin RIQAS sisteminin əhəmiyyətini və bu sahədə əməkdaşlığın inkişaf perspektivlərini vurğulayıblar.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mütəxəssislər arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradılıb. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Mərkəzi Gömrük Hospitalının
PR üzrə mütəxəssisi Dilara Zamanova
Bütün xəbərlər Facebook səhifəmizdə