Azərbaycanlı alim Avropa Beynəlxalq konqresində iştirak edib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən Avropa Toksikoloji Mərkəzləri və Klinik Toksikoloqlar Assosiasiyasının (EAPCCT) 45-ci konqresində iştirak edir.
Dünyanın 70-dən çox ölkəsindən 600-dən artıq iştirakçının qatıldığı bu irimiqyaslı beynəlxalq tədbirin plenar və panel sessiyalarında müasir dövr üçün aktuallıq kəsb edən klinik toksikologiya məsələləri geniş şəkildə müzakirə olunub. Sessiyalarda kəskin zəhərlənmələrin epidemiologiyası, yeni növ narkotik və psixotrop maddələrin təsirlərinin diaqnostikası və müalicəsinə dair müasir yanaşmalar, kimyəvi mənşəli kəskin intoksikasiyalar zamanı daxili orqanların zədələnməsi, aktiv detoksikasiya üsulları və yeni antidot preparatlarının tətbiqi, sui-qəsd xarakterli və yaşlılar arasında baş verən zəhərlənmələrin profilaktikası, peşə intoksikasiyalarının qarşısının alınması, həmçinin dərmanlara və kimyəvi maddələrə qarşı allergik reaksiyaların müalicəsi kimi mühüm mövzular Avropa və dünyanın aparıcı mütəxəssislərinin iştirakı ilə təqdim olunaraq ətraflı müzakirə edilib.
Dosent İsmayıl Əfəndiyev konqresdə Azərbaycanda yaşlı insanlar arasında zəhərlənmələrin epidemiologiyası və bu növ intoksikasiyaların profilaktik tədbirləri mövzusunda poster və şifahi təqdimatla çıxış edib. Təqdimatlar konqres iştirakçıları tərəfindən böyük maraq və diqqətlə qarşılanıb. Beynəlxalq konqres öz işini 30 may tarixinədək davam etdirəcək.
Mərkəzi Gömrük Hospitalının
PR üzrə mütəxəssisi Dilara Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə