...ABŞ və Braziliya alimləri kombuça çayının (...qara çaydan hazırlanmış fermentləşdirilmiş, köpüklü, şirinləşdirilmiş içkidir-A.B.) müntəzəm istehlakının bağırsaq mikrobiotasına faydalı təsir göstərə və piylənmə ilə mübarizə aparmağa kömək edə biləcəyini müəyyən ediblər.
SİA-nın məlumatına görə, səkkiz həftəlik təcrübənin nəticələri The Journal of Nutrition jurnalında dərc olunub.
Araşdırmada normal bədən çəkisi və piylənmə olan 38 könüllü iştirak edib. Onların hamısı gündəlik olaraq laboratoriyada hazırlanmış 200 mililitr kombuça içiblər. Pəhriz və fiziki fəaliyyət səviyyələri sorğu vərəqlərində qeyd edilib, təcrübədən əvvəl və sonra iştirakçılardan qan, sidik və nəcis nümunələri götürülüb.
Təhlillər göstərib ki, kombuça butiratlar, iltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə tanınan birləşmələr istehsal edən bakteriyaların böyüməsini stimullaşdırır.
Bu dəyişikliklər xüsusilə obez iştirakçılarda nəzərə çarpıb. Bundan əlavə, bağırsaqlarda Ruminococcus və Dorea kimi artıq çəki ilə əlaqəli bakteriyaların sayı azalıb.
Alimlər vurğulayırlar ki, kombuçanın tərkibində metabolik proseslərə təsir edə bilən 140-dan çox bioloji aktiv fenolik birləşmələr var.
Bununla belə, bu təsirin arxasında hansı mexanizmlərin dayandığını dəqiq başa düşmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu deyirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə