Yuxusuzluq hansı sağlamlıq problemlərinə yol açır? - HƏKİM DANIŞDI

“Uşaqlıq dövrü fiziki, zehni və emosional inkişafın ən sürətli baş verdiyi mərhələdir. Bu dövrdə keyfiyyətli və kifayət qədər yuxu uşağın sağlam böyüməsi üçün mühüm rol oynayır. Bəzi uşaqlarda müxtəlif səbəblərlə yuxusuzluq müşahidə olunur və bu hal davam etdikdə bir sıra sağlamlıq problemlərinə yol aça bilər”. Bu sözləri SİA-ya açıqlamasında həkim pediatr Səbinə Məmmədova deyib.

Səbinə Məmmədova sözlərinə belə davam edib: “Yuxusuzluq immun sisteminin zəifləməsinə səbəb olur. Yuxu zamanı bədən özünü bərpa edir, immun sistemi güclənir. Uşaqlar kifayət qədər yatmadıqda infeksiyalara qarşı müqavimət azalır və xəstələnmə halları artır.

Əqli və fiziki inkişaf yavaşlayır. Beynin sağlam inkişafı üçün dərin və fasiləsiz yuxu vacibdir. Yuxusuzluq öyrənmə çətinlikləri, nitq geriliyi və boy inkişafında ləngimə ilə nəticələnə bilər.

Diqqət və yaddaş pozğunluqları yaranır. Yuxu çatışmazlığı uşaqların dərslərdə diqqətini cəmləməsinə, məlumatları yadda saxlamasına və tədrisdə uğurlu olmasına mane olur.

Emosional qeyri-sabitlik artır. Yuxusuz uşaqlar daha tez əsəbiləşir, səbirsiz və həssas olurlar. Bu hal onların ailə və sosial mühitlə münasibətlərinə mənfi təsir göstərir.

Piylənmə və metabolik pozğunluq riski yüksəlir. Yuxu çatışmazlığı iştahı tənzimləyən hormonlara təsir göstərərək artıq çəkiyə və gələcəkdə metabolik xəstəliklərə, o cümlədən şəkərli diabetə səbəb ola bilər.

Ürək-damar sistemində problemlər yarana bilər. Uzunmüddətli yuxusuzluq arterial təzyiqin artmasına və ürək ritminin pozulmasına şərait yaradır. Uşaqlarda sağlam yuxu rejiminin formalaşdırılması onların ümumi sağlamlığının və inkişafının qorunması üçün xüsusi əhəmiyyət daşıyır. Valideynlər yuxu mühitini yaxşılaşdırmalı və ehtiyac olduqda mütəxəssis dəstəyinə müraciət etməlidirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə