Mərkəzi Gömrük Hospitalının tibb bacıları pasiyentlərə qürurla xidmət edirlər
Hər il 12 may tarixində bütün dünyada insanlara şəfa, mərhəmət və ümid bəxş edən Beynəlxalq Tibb Bacısı Günü qeyd olunur. Bu tarix tibb bacılığı peşəsinin banisi sayılan, şəfqət və fədakarlığın simvoluna çevrilmiş məşhur ingilis tibb bacısı Florens Naytingeylin doğum günü ilə bağlıdır. Hələ 150 il əvvəl təməli qoyulmuş bu müqəddəs peşə bayramı, 1974-cü ildən etibarən rəsmi olaraq beynəlxalq səviyyədə qeyd olunur. Florens Naytingeylin yolunu davam etdirən bütün tibb bacıları, eləcə də Mərkəzi Gömrük Hospitalının tibb bacıları qürurla, sədaqətlə və fədakarlıqla pasiyentlərə xidmət edirlər. Onlar yalnız tibbi bilikləri ilə deyil, şəfqətli qəlbləri, təbəssümləri və səmimi sözləri ilə pasiyentlərə ümid və şəfa verirlər. Tibb bacıları ağrının, çarəsizliyin içində bir ümid işığı olmaq, yorulmadan, usanmadan xəstələrin sağalması üçün çalışırlar. Dərmanı hər kəs verə bilər, amma şəfa verən təkcə məlhəm deyil – bir təbəssüm, bir xoş söz, bir səmimi baxış da ola bilər.
Əziz tibb bacıları,
Hər bir xəstənin yenidən sağlamlığına qovuşmasında sizin əvəzsiz əməyiniz, sonsuz səbir və qayğınız dayanır. Bu nəcib və müqəddəs peşəni böyük fədakarlıqla icra etdiyiniz üçün Sizə ən dərin təşəkkürümüzü bildirir, 12 may Beynəlxalq Tibb Bacısı Günü münasibətilə təbrik edirik. Bayramınız mübarək!
Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının
PR üzrə mütəxəssisi
Bütün xəbərlər Facebook səhifəmizdə