Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

...İsveçrə alimləri meyvə və tərəvəzlərdə avtomobil təkərlərinin istehsalı zamanı rezinə əlavə edilən kimyəvi maddələr aşkar ediblər.

SİA-nın məlumatına görə, tədqiqatla bağlı məqalə Journal of Hazardous Materials jurnalında dərc olunub.

Araşdırma Qida Təhlükəsizliyi üzrə Federal Xidmətin və Lozanna Politexnik Məktəbinin mütəxəssisləri tərəfindən aparılıb.

Onlar supermarketlərdən tutmuş kiçik mağazalara qədər ən populyar meyvə və tərəvəzlərdən 100-ə yaxın nümunə alıblar. ...Və sonra onları təkərlərə xas olan 11 maddə üçün sınaqdan keçiriblər.

Nümunələrin 31 faizində alimlər 6-PPD və 6-PPD-xinon kimi birləşmələrin izlərini aşkar ediblər. Üstəlik, çirklənmə səviyyəsi alınma yerindən və ya məhsulun üzvi olub-olmamasından asılı deyildi.

Əvvəllər belə hesab edilirdi ki, insanlar bu maddələrlə əsasən hava vasitəsilə, təkərlərdən xırda hissəciklər atmosferə daxil olduqda təmasda olurlar. Ancaq indi məlum oldu ki, bu cür çirkləndiricilərin əhəmiyyətli bir hissəsi də qidadan gəlir. Bu birləşmələr ətraf mühitdə toplanır: torpağa çökür, suya düşür və bitkilər vasitəsilə süfrəmizə qayıdır.

Heyvanlar üzərində aparılan tədqiqatlarda bəzi əlavələrin zəhərli olduğu, güman ki, məhsuldarlığı azaltdığı və sinir sistemində iltihaba səbəb olduğu göstərilmişdir. Bu maddələrin insan orqanizminə tam olaraq necə təsir etdiyi hələ də məlum deyil.

…Və hazırda İsveçrə, eləcə də Çində onların qan və sidikdə aşkarlanması üçün tədqiqatlar aparılır.

Müəlliflər vurğulayırlar ki, bu cür çirkləndiricilərlə daimi təmas şəraitində mümkün riskləri təcili qiymətləndirmək və təkərlərdəki zəhərli əlavələri daha təhlükəsizləri ilə əvəz etmək barədə düşünmək lazımdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə