”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyasının (NUDİA) birgə həyata keçirdiyi "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi davam edir. SİA xəbər verir ki, bu layihə çərçivəsində növbəti tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə mayın 6-da Yeni Klinikada keçirilib.

"Möcüzə Qida – Ana Südü" konfransında ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev açılış nitqi ilə çıxış edib. Qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət istiqamətinə uyğun olaraq, qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini həyata keçirməklə bərabər, istehlakçıların maarifləndirilməsi istiqamətində də müxtəlif tədbirlər icra edir. Bu məqsədlə həyata keçirilən növbəti genişmiqyaslı maarifləndirmə tədbiri "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsidir. Bu layihə sağlamlığına dəyər verən, qidalanmasına diqqət edən hər kəs üçün bir çağırışdır deyə bilərik. Elmi əsaslarla sübut olunmuşdur ki, sağlam qidalanma qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biridir.

“Əsas məqsədimiz sağlam və təhlükəsiz qidalanmanı davamlı bir davranış modelinə çevirməkdir. Layihə ümumilikdə hər bir vətəndaşı hədəf alır, çünki sağlam və təhlükəsiz qidalanma hər kəsin həyatı və sağlamlığı üçün vacibdir. Bu gün burada toplanmağımızın məqsədi insan həyatının ən vacib dövrlərindən biri olan erkən uşaqlıq mərhələsində ana südünün əvəzedilməz rolunu bir daha xatırlatmaq, bu sahədəki elmi yanaşmaları paylaşmaq və cəmiyyətimizi bu mövzuda daha da maarifləndirməkdir”– deyə Ramazan Nəbiyev əlavə edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İxtisaslı Tibbi Xidmətin Departament rəhbəri Nəzrin Mustafayeva bildirib ki, bu gün ölkəmizin gələcək inkişafı planında səhiyyə sektorunun əsas fəaliyyətlərinin mərkəzində körpə sağlamlığının qorunması və inkişafı dayanır ki, bu məqsədə çatmaq üçün yol məhz bugünkü mövzulardan, müzakirələrdən başlayır. “Respublikanın səhiyyə xidmətinin böyük qismini təmin edən, habelə doğuşayardım və neonatal xidmətin əsas aparıcı müəssisəslərini idarə edən bir qurum olaraq, bu sahədə olduqca əhəmiyyətli fəaliyyətləri icra etmişik. 5 müəssisə son bir ildə olmaqla ümumilikdə 15 “körpə dostu” klinikası təyin edilmişdir. Bu siyasətlərin mərkəzində əsas olaraq, doğuşdan sonrakı ilk saat ərzində dəri təması və ana südü ilə qidalanmaya başlamaqdır” - deyə Nəzrin Mustafayeva vurğulayıb.

Konfrans AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə panel müzakirələrlə davam edib. Validə Sadıxova vurğulayıb ki, ana südünün tərkibinin nə qədər zəngin olduğunu subut edən çox sayda tədqiqatlar var. “Bizi ən çox təəccübləndirən ana südünün tərkibinin adaptiv bir maye olmasıdır. Bu həqiqətən də möcüzəvi bir qidadır. Ananın orqanizmi körpənin tələbatına, sağlamlıq vəziyyətinə uyğun süd istehsal edə bilir”.

Uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, ÜST-nin nümayəndəsi Elturan İsmayılov, psixoloq-psixosomatik İradə İmanova "Ana südünün əhəmiyyəti" mövzusunda fikirlərini bölüşüblər.

Tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: Reallıq və Çağırışlar” panelində çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə