Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub

Mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub. SİA xəbər verir ki, agentliyin Marketinq və ictimaiyyətlə əlaqalər departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə bildirib ki, xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra Təcili tibbi yardım, Yoluxucu xəstəliklər və Fizioterapiya şöbələri yaradılıb.

Sözügedən şöbələr yeni tibbi avadanlıqlarla təchiz olunub. Bunlar USM, EXO, EKQ, Holter cihazı (kardioloji müayinə metodları), görmə itiliyini ölçən cihaz (avtorefraktomet), biomikroskop, UVÇ-terapiya (ultrayüksək tezlikli terapiya), fizioterapevtik vakuum terapiya və s. cihazlardır.

O əlavə edib ki, mərkəzdə öncə icra olunmayan müxtəlif qarın boşluğu və ginekoloji əməliyyatların icrasına da başlanılıb.

Eyni zamanda ilk dəfə olaraq, göz daxilində patoloji damarların yaranmasını və mövcud damarların sızmasını azaltmaq üçün göz daxilinə Avastin inyeksiyalarının tətbiqi ilə müalicəvi prosedurlara da başlanılıb.

Qeyd edilib ki, ötən il ərzində Pirallahı Tibb Mərkəzində icbari tibbi sığorta hesabına 2000-ə yaxın cərrahi əməliyyat həyata keçirilib. Bunlara əsasən hamiləlik, doğuş tibbi xidmətləri, sidik-cinsiyyət, həzm sistemi, dəri və dərialtı toxuma xəstəlikləri üzrə cərrahi əməliyyatlar daxildir.

Qeyd olunan dövr ərzində Mərkəzə icbari tibbi sığorta ilə 85 mindən çox müraciət edilib, 350 mindən çox xidmət göstərilib.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli isə deyib ki, ötən il Pirallahı Tibb Mərkəzində monitorinqlər həyata keçirilib. Belə ki, bu zaman tibbi xidmətlərin təşkili, həmçinin infrastruktur, texniki avadanlıqların vəziyyəti və tibb heyətinin göndərişlərin verilməsi üzrə bilik səviyyəsi qiymətləndirilib.

Aşkarlanan müsbət cəhətlərlə yanaşı, bəzi inkişaf etdirilməli sahələr də müəyyən edilib və onların aradan qaldırılması yönündə tədbirlər görülüb.

Monitorinqlər dövlət tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi və təşkili vəziyyətini dəyərləndirməyə yönəlib. Qiymətləndirmə zamanı əsas meyarlar kimi Xidmətlər Zərfində nəzərdə tutulan tibbi xidmətlərin təşkili, pasiyent qəbulu və qeydiyyat prosedurlarının düzgün aparılması, kompüter avadanlıqlarının və internet bağlantısının mövcudluğu, eləcə də maddi-texniki təchizatın səviyyəsi nəzərə alınır.

Onun sözlərinə görə, bu il də rayon mərkəzi xəstəxanalarında monitorinqlərin aparılması davam etdirilir.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə