Payız fəslinin trend rəngləri hansılardır? - AYDINLIQ GƏTİRİLDİ

"Payız fəsli təkcə təbiətin deyil, həm də dəbin yenilənmə mövsümüdür. Hər il bu dövrdə geyim dünyasında yeni rənglər, materiallar və üslublar ön plana çıxır". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, 2025-ci ilin payız dəbi həm böyüklər, həm də uşaqlar üçün rahatlıq və dəbli görünüşü bir arada təqdim edir: "Bu payızın dəbində təbiətdən ilhamlanan torpaq tonları üstünlük təşkil edir. Tünd qəhvəyi, şokolad çalarları, zeytun yaşıl, kərpic narıncı, xardal sarı, eləcə də bordo və şərab rəngləri mövsümün əsas xəttini müəyyənləşdirir. Pastel və neytral tonlarla kombinasiyalar isə geyimlərə zəriflik qatır.

Böyüklərin geyimində əsas yenilik rahatlıqdır. Oversize palto və jaketlər, trikotaj geyimlər və dəri elementlər dəbli görünüşün əsas tərkib hissəsidir. Ayaqqabılarda qalın dabanlı botinkalar və çəkmələr trenddədir. Aksesuarlarda isə iri şərflər, zəncirli çantalar və minimal zərgərlik müşahidə olunur. Bu payız həm funksionallıq, həm də eleqantlığı ön plana çıxarır.

Uşaqların geyimində isə rahatlıq və rəngarənglik əsasdır. Yumşaq trikotaj materiallardan hazırlanmış koftalar, jaketlər və papaqlar ön planda olacaq. Heyvan fiqurları və çaplı geyimlər uşaqların sevimlisi olaraq qalır. Zeytun yaşıl, bej və açıq qəhvəyi kimi unisex rənglər həm qız, həm də oğlan uşaqları üçün aktualdır. Ayaqqabılarda rezin çəkmələr və qalın dabanlı sport üslublar üstünlük təşkil edir.

2025-ci ilin payız dəbi həm böyüklər, həm də uşaqlar üçün rahatlıq və dəbli görünüşün vəhdəti üzərində qurulub. İsti torpaq çalarları və təbiətdən ilhamlanan rənglər mövsümün ruhunu əks etdirir. Böyüklər üçün eleqant və funksional üslublar, uşaqlar üçün isə rəngarəng və komfortlu geyimlər ön plandadır. Beləliklə, payız dəbinin əsas mesajı budur: "Rahat ol, amma dəbdən geri qalma!"".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə