Svetoforun qadağanedici işığında keçmək bütün nəqliyyat vasitələri və piyadalar üçün təhlükəlidir - NİİM
Paytaxtın Səbail rayonu, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində qəza baş verib. Hadisə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kamerasında qeydə alınıb. NİİM-dən SİA-ya bildirilib ki, ilkin ehtimala görə, qəza skuteri idarə edən şəxsin svetoforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücü diqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən də aydın olur ki, ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıq yandıqda dayansaydı, bu yol-nəqliyyat hadisəsi baş verməyəcəkdi.
“Yadda saxlamaq lazımdır ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol hərəkəti iştirakçıları üçün məcburidir. Bunu “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi tələb edir. Həmçinin qeyd olunur ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Unutmayaq ki, bu cür qayda pozuntularına yol verərək qadağanedici işıqda hərəkəti davam etdirmək çox vaxt xəsarət alma və ya ölümlə nəticələnir”, - deyə məlumatda vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə