Mərkəzi Seçki Komissiyasının oktyabrın 15-də keçirilən iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. SİA-nın məlumatına görə, iclasda çıxış edən Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib ki, Vll çağırış Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən MSK-ya müraciət edərək, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi seçilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib.
İclasda məsələ səsverməyə qoyulub və qəbul edilib.
Qeyd edək ki, 2025-ci il iyunun 12-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar sessiyası keçirilib. Sessiyada Azərbaycan nümayəndəsi Ramil Həsən yekdil qərarla Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilib. O, vəzifəsinin icrasına bu gündən - 2025-ci il oktyabrın 15-dən başlayır.
Xatırladaq ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er yerinə yetirib. Ramil Həsən isə daha əvvəl 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə