Ötən gün narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib - DİN

Oktyabrın 14-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. O cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər və ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 16 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 3,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 9 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbaraatan, 4 tapança, 3 qumbara, 6 tüfəng, 2 patron darağı və 767 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Eyni zamanda, cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə