Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışın baş verdiyi və genişlənərək yaxınlıqdakı tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanan evdə xəsarət alaraq təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğının qonşu evlərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin bir otağının yanar konstruksiyaları və tavanı 30 kvadratmetr sahədə yanıb. Yanğın zamanı ümumilikdə 2 nəfər xəsarət alıb.
Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə