Ombudsmanın nümayəndələri Ağdərədə aşkarlanmış kütləvi məzarlığı yerində araşdırıblar - FOTO
Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov və Sevinc Şener tərəfindən Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində müvafiq araşdırma aparılıb və faktoloji materiallar toplanılıb. SİA xəbər verir ki, kütləvi məzarlıqlardan toplanmış materiallar əsasında monitorinqin nəticələrinə dair Ombudsman tərəfindən müvafiq hesabat hazırlanaraq ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdim ediləcək.
Ombudsman Aparatının bu barədə məlumatında qeyd edilib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanlarının, o cümlədən itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayır.
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının topladığı məlumatlar və şahid ifadələri əsasında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində, döyüş mövqeyi olmuş yüksəklikdə aparılan axtarışlar nəticəsində Azərbaycan hərbi qulluqçularına aid olduğu ehtimal edilən 10-dan çox insan qalığı aşkar olunub.
Beynəlxalq humanitar hüquqa əsasən, itkin düşmüş şəxslərin taleyi barədə məlumatların toplanması və onların yaxınlarının həqiqəti bilmək, məlumat almaq hüquqları təmin edilməlidir. Azərbaycan Ombudsmanı itkin düşmüş soydaşlarımızın taleyi haqqında məlumatların əldə edilməsi, o cümlədən Ermənistanın törətmiş olduğu müharibə cinayətləri nəticəsində pozulmuş insan hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq tədbirlər, faktaraşdırıcı missiyalar həyata keçirməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə