Son iki gündə 57 cinayətin açılması təmin edilib

Sentyabrın 27-də və 28-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 13 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə