Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan Note” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə