Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qəsdən yanğıntörətmə faktının üstünü açıb. FHN-in Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sentyabrın 1-də “112” qaynar telefon xəttinə Ağsu rayonunun Nəvahi kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.
FHN-in yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı əkin sahəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayonunun Nəvahi kənd sakini 1951-ci il təvəllüdlü Mahir Rəhim oğlu Qaniyev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə